BAKI, 14 sentyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasına Rusiyanın Ermənistan və Azərbaycan sərhədində deeskalasiya istiqamətində atdığı addımlar barədə məlumat verib.
Bildirilir ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası vəziyyətin qiymətləndirilməsi və dövlət başçılarına hesabatın hazırlanması üçün baş katib Stanislav Zasın rəhbərlik etdiyi qurumun missiyasının Ermənistana göndərilməsi barədə razılığa gəlib.
Missiyaya təşkilatın birgə qərargahının rəhbəri Anatoli Sidorov və iştirakçı dövlətlərin nümayəndələri daxil olacaq.
Şura həmçinin Rusiyanın Ermənistan və Azərbaycan sərhədində vəziyyəti sabitləşdirmək üçün vasitəçilik səylərini tam dəstəkləyib və KTMT-nin məsuliyyət zonasında vəziyyətə daim nəzarət etmək üçün işçi qrupun yaradılması barədə razılığa gəlib. Onun tərkibinə Katibliyin əməkdaşları və Birləşmiş Qərargahın hərbi qulluqçuları daxil olacaq.
Sentyabrın 13-də axşam saatlarında Ermənistanın xahişi ilə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclası çağırılıb.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev KTMT-nin Ermənistan və Azərbaycan sərhədindəki vəziyyətlə bağlı iclasında tərəfləri güc tətbiqindən əl çəkməyə və danışıqlara başlamağa çağırıb.
Məlumata görə, Tokayev çərşənbə axşamı KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında iştirak edib. Videokonfrans formatında olan tədbir Ermənistanın təklifi ilə keçirilib.
Sammitdə həmçinin Qırğızıstan Prezidenti Sadır Japarov, Rusiya Prezidenti Vladimir Putin, Ermənistanın Baş naziri Nikol Paşinyan, Tacikistanın Baş naziri Koxir Rəsulzoda, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç, KTMT baş katibinin müavini Valeri Semerikov iştirak edib.
Paşinyanın Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı məlumatı dinlənilib.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.