BAKI, 14 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səmərqənddə keçiriləcək görüşdə Rusiya lideri Vladimir Putinlə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edəcək.
Bu barədə Türkiyənin yüksək rütbəli rəsmisinə istinadən "Reuters" agentliyi məlumat yayıb.
Qeyd edək ki, ŞƏT sammitinin sentyabrın 15-16-da Səmərqənddə keçirilməsi planlaşdırılır.
Hazırda təşkilata Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin və Pakistan, Tacikistan və Özbəkistan daxildir. Müşahidəçi ölkələr - Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr - Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşəcək. Bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.