BAKI, 14 sentyabr — Sputnik. Bakının Qoqol küçəsində yerləşən XIX əsrə aid tarixi abidənin fasadına müdaxilələr olunması məsələsini Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti nəzarətə götürüb.
Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bu barədə məlumat verib.
N.Allahyarova bildirib ki, sözügedən abidənin fasadında, pəncərələrində edilən dəyişiklər qanun pozuntusudur.
Onun sözlərinə görə, tarixi abidəyə edilən hər hansısa bir müdaxilə mütləq şəkildə Dövlət Xidmətinin rəyi əsasında olmalıdır: "Tarixi abidələrin restorana çevrilməsində qəbahət yoxdur. Çünki bu cür abidələr müəyyən icazələrdən sonra sahibkarlıq fəaliyyəti səbəbi ilə istifadə edilə bilər. Lakin burada birinci şərt abidənin ümumi tarixiliyinə zərər verilməməsidir. Olsa belə, bu, birbaşa Dövlət Xidmətinin mütəxəssislərinin rəyi və iştirakı ilə həyata keçirilə bilər".
Sektor müdiri APA-ya sözügedən binaya edilən qanunsuz müdaxilənin aktlaşdırıldığını deyib:
"Sözügedən abidənin fasadında, pəncərələrində edilən dəyişiklər qanun pozuntusudur. Odur ki Dövlət Xidməti məsələni aktlaşdırıb, cərimələr müəyyən olunub. Məsələnin bundan sonrakı vəziyyəti də diqqətimizdədir. Binanın əvvəlki halının bərpasına nəzarət ediləcək".
Qeyd edək ki, ötən gün memar Elçin Əliyev tarixi abidəyə edilən müdaxilə ilə bağlı sosial şəbəkə hesabında məlumat yaymışdı.