BAKI, 14 sentyabr — Sputnik. Azərbaycanda ağır atletika üzrə gənclər arasında ölkə çempionatının keçirilməsi təxirə salınıb.
Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bu sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin müəyyən istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı 50 azərbaycanlı hərbçinin şəhid olması ilə əlaqədardır.
Yarış sentyabrın 15-16-da baş tutmalı idi. Yaxın gələcəkdə federasiya yarışın vaxtı ilə bağlı məlumat açıqlayacaq.
Qeyd edək ki, sentyabrın 15-də Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda Ağdamın "Qarabağ" və Fransanın "Nant" klubları arasında futbol üzrə Avropa Liqasının qrup mərhələsinin ikinci turunun oyunu keçirilməlidir. Qarşılaşmanın təxirə salınması ilə bağlı məlumat daxil olmasa da, görüş Bakı vaxtı ilə saat 20:45-də başlamalıdır. Sentyabrın 14-də Fransa klubu Azərbaycanın paytaxtına gəlib.
Qeyd edək ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərə boşluqlarından istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalar yerləşdiriblər.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrini susduraraq cavab tədbirləri həyata keçiriblər.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
https://az.sputniknews.ru/20220914/v-azerbaydzhane-perenesli-provedenie-chempionata-po-tyazheloy-atletike-446019862.html?fbclid=IwAR3Gbcbodj_q4aOZqWIwlka0x66AkuYA2W3-KkhD_wDRSYuGwy1VRnDelVw