BAKI, 14 sentyabr — Sputnik. Rusiya atəşkəsin əldə olunmasına kömək edib, lakin o, demək olar ki, dərhal pozulub.
Bu sözləri ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
"Göründüyə qədər, ruslar vasitəsilə gecə atəşkəs əldə olunub, lakin o, demək olar ki, dərhal da pozulub. Aydın məsələdir ki, biz işə yarayan atəşkəs istəyirik", - deyə Kirbi bildirib.
O xatırladıb ki, ABŞ münaqişə zonasında gərginliyi azaltmaq üzərində çalışır. Dövlət katibi Entoni Blinken hər iki ölkənin liderləri ilə danışıb və Amerikanın diplomatik nümayəndəsi regionda işləyir.
Jurnalistlərin suallarını cavablandıran Kirbi bildirib ki, ABŞ Rusiya sülhməramlılarının münaqişə zonasından çıxarılmasının əlamətlərini görmür.
Blinken daha əvvəl demişdi ki, ABŞ Ermənistan-Azərbaycan sərhədində döyüşlərin dayandırılmasında Rusiyanın köməyini alqışlayacaq.
Rusiya təsir imkanlarından istifadə etməlidir
Dövlət Departamentinin sözçüsü Ned Prays isə bildirib ki, Birləşmiş Ştatlar Rusiyanı eskalasiyanı dayandırmaq üçün Ermənistan və Azərbaycandakı əhəmiyyətli təsirindən istifadə etməyə çağırıb. O, əmindir ki, bu eskalasiya Rusiyanın maraqlarına uyğun deyil.
"Şübhə yoxdur ki, Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların və ya birbaşa zorakılığın artması... Rusiyanın maraqlarına uyğun deyil. Bunda heç kim maraqlı deyil", - Prays jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
"Həmçinin heç bir şübhə yoxdur ki, Rusiyanın həm Ermənistan, həm də Azərbaycan üzərində əhəmiyyətli təsiri var. Biz Rusiyanı bu təsir imkanlarından hərbi əməliyyatların dayandırılması və daha geniş mənada bu gərginliyin azaldılması üçün istifadə etməyə çağırırıq", - deyə Dövlət Departamentinin sözçüsü bildirib.
Prays qeyd edib ki, münaqişənin gərginləşməsinə görə hər iki tərəfi günahlandırmaqdan çəkinir. Onlar üçün ən vacib hər iki tərəfin hərbi əməliyyatları dayandırmağa və daha geniş deeskalasiyaya yer verməməyə dair öhdəlik götürməsidir.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.