BAKI, 13 sentyabr — Sputnik. Ermənistanla Azərbaycan arasında dövlət sərhədində atəşkəs elan olunması barədə razılıq əldə olunmasına baxmayaraq, qarşı tərəf buna əməl etmir.
APA xəbər verir ki, tərəflər bu gün saat 9.00-dan atəşkəs barədə razılıq əldə edib və saat 9.15-dən atəşkəsin tətbiqinə başlanıb.
Əvvəlki intensivliklə olmasa da, Ermənistan ordusu tərəfindən atəşkəsin pozulması halları baş verir. Azərbaycan tərəfi Ermənistanın təxribatlarına qarşı hələlik təmkin nümayiş etdirir.
Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.
Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.
Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.