BAKI, 13 sentyabr — Sputnik. Azərbaycanın Almaniyadakı Səfirliyinin 30 dekabr 2014-cü il tarixdən 01 oktyabr 2021-ci il tarixinə qədərki dövrdə maliyyə-təsərrüfat fəaliyyətinin təftişi zamanı bank çıxarışlarındakı məlumatların dəyişdirilərək saxtalaşdırılması halları müəyyənləşdirilib.
Bu barədə Azərbaycanın Maliyyə Nazirliyi məlumat yayıb.
Həmçinin müəyyənləşdirilib ki, bank hesablarında olan vəsaitlərin, o cümlədən konsulluq əməliyyatları üzrə dövlət rüsumlarının təyinatından başqa hesablara köçürülməsi yolu ilə mənimsənilməsi halları da var.
Məlumata görə, aşkar edilmiş maliyyə pozuntularının ciddiliyi nəzərə alınaraq təqsirkar vəzifəli şəxslər barəsində müvafiq tədbirlər görülməsi məqsədilə yoxlama materialı Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) təqdim edilib.