DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Şahzadə Uilyam və Keyt Middlton II Elizabetin ölümündən sonra milyarder olublar

Hazırda Britaniya Kralı III Çarlzın oğlu - Uels Şahzadəsi Uilyamın sərvəti 1,1 milyard funt sterlinq dəyərində qiymətləndirilir.
Sputnik
BAKI, 12 sentyabr — Sputnik. Şahzadə Uilyam və həyat yoldaşı Keyt Middlton II Elizabetin ölümündən sonra milyarder olublar və yeni titullar əldə ediblər. Bu barədə Britaniyanın "Daily Star" qəzeti məlumat yayıb.
Böyük Britaniya Kraliçasının ölümündən sonra Uilyam dərhal Kornuoll Hersoqu tituluna sahib olub və indi o, Kornuoll və Kembric Hersoqu, həyat yoldaşı Keyt isə Kornuoll və Kembric Hersoginyası olub. Britaniya Kralı III Çarlz oğlu Uilyamı Uels Şahzadəsi və həyat yoldaşını da Şahzadə elan edib.
Nəşrin mənbəyə istinadən verdiyi məlumata görə, yeni titullar aldıqdan sonra Uilyamın sərvəti 1,1 milyard funt sterlinqə yüksəlib.
Qeyd olunur ki, Kornuoll Hersoqu və Hersoginyası titulu külli miqdarda var-dövlətə, həmçinin torpaqlara, meşələrə və çaylara sahib olmaq deməkdir.
Həmçinin bildirilir ki, hazırda Uels şahzadələri İngiltərə və Uelsin 20 qraflığında təxminən 128 min hektar əraziyə, o cümlədən Dartmur Milli Parkına sahibdirlər.
Xatırladaq ki, ötən cümə axşamı, sentyabrın 8-də Bukinqem sarayı Böyük Britaniyanı 70 ildən çox idarə edən və 96 yaşında dünyasını dəyişən II Elizabetin ölümü barədə elan edib.