AZƏRBAYCAN XƏBƏRLƏRİ

Qarabağda həyata keçirilən layihələrdə AYİB-in potensial iştirak imkanları müzakirə olunub

Avropa Yenidənqurma və İnkişaf Bankı "Küçələrin işıqlandırılması" layihəsi üzrə isə Gəncə şəhərində infrastrukturun təkmilləşdirilməsində iştiorak edəcək.
Sputnik
BAKI, 12 sentyabr - Sputnik. Qarabağda həyata keçirilən layihələrdə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) potensial iştirak imkanları barədə fikir mübadiləsi aparılıb. Azərtac xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Qarabağda həyata keçirilən layihələrdə AYİB-in potensial iştirak imkanları müzakirə olunub
“AYİB prezidenti xanım Odil Reno-Basso ilə işgüzar müzakirələrimizdə energetika, xüsusilə bərpaolunan enerji, KOB-ların dəstəklənməsi, dövlət müəssisələri ilə əməkdaşlıq, biznes mühiti və informasiya texnologiyaları ekosisteminin yaxşılaşdırılması, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən layihələrdə bankın potensial iştirak imkanları barədə ətraflı fikir mübadiləsi apardıq. Perspektivlər əməkdaşlığın dərinləşdirilməsi üçün cəlbedicidir”, - deyə M.Cabbarov qeyd edib.
Qeyd edək ki, bu gün Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında iki sənəd imzalanıb.
"Bu gün imzalanan sənədlərə əsasən, AYİB-in Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilmiş "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) donanmasının yenilənməsi layihələrinin maliyyələşdirilməsinə dövlət zəmanəti olmadan iriməbləğli kredit ayırması, "Gəncə-Yaşıl Şəhər Proqramı" çərçivəsində "Küçələrin işıqlandırılması" layihəsi üzrə isə Gəncə şəhərində infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur", - deyə M.Cabbarov qeyd edib.