TƏHSİL

Doqquz illik təhsil bazasından kolleclərə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb

Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtinası kimi dəyərləndiriləcək.
Sputnik
BAKI, 12 sentyabr — Sputnik. Dövlət İmtahan Mərkəzi 2022/2023-cü tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.
DİM-in məlumatına görə, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Bundan başqa, qeyd edək ki, qəbul olunan abituriyentlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq. Jurnalın xüsusi buraxılışının elektron versiyasını (pdf formatında) sentyabrın 13-dən DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.
Orta ixtisas təhsili müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər 14 sentyabr saat 12:00-dan 20 sentyabr saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılan kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtinası kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.
Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün 3747 abituriyent ərizə təqdim edib. Onlardan 1443 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.