HƏRBİ

Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının katibi ilə görüşüb

Bakıda MDB ölkələrinin Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin növbəti iclasının keçirilməsi planlaşdırılır.
Sputnik
BAKI, 12 sentyabr - Sputnik. Sentyabrın 12-də Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri Daşkin ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yayıb.
Məlumatda bildirilir ki, görüşdə cari ilin oktyabr ayında Bakıda keçirilməsi planlaşdırılan MDB iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası ilə bağlı təşkilati məsələlər müzakirə olunub.
Tərəflər iclasın keçiriləcəyi yerə baxış keçirməyi qərara alıb və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.