BAKI, 10 sentyabr — Sputnik. Bakıda 16 yaşlı yeniyetmənin qətlinin bəzi təfərrüatları məlum olub.
APA-nın əldə etdiyi xəbərə görə, qətl Bilgəh qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini Bikəxanım Şeydabəyova onunla eyni evdə yaşayan oğlu 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı polisə müraciət edib. Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində 16 yaşlı yeniyetmənin itkin düşməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.
Araşdırmalarla məlum olub ki, Hüseynağa Şeydabəyov qonşusu Babək Quliyev tərəfindən qətlə yetirilib. Buna səbəb isə 16 yaşlı yeniyetmənin qonşusu Babək Quliyevin qızına sataşması olub. Buna görə qəzəblənən Babək Quliyev 16 yaşlı yeniyetməni evinə salaraq döyüb, ona ağır xəsarətlər yetirib. Hirsi soyumayan Babək Quliyev Hüseynağa Şeydabəyovu iplə boğaraq qətlə yetirib. Daha sonra Babək Quliyev Hüseynağa Şeydabəyovun meyitini həyətində gizlədib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstü açılıb və Babək Quliyev saxlanılıb.