BAKI, 9 sentyabr — Sputnik. İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün Türkiyə ilə əldə etdikləri razılaşmaları hələ də yerinə yetirməyib. "Aydınlık" qəzeti xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib.
Onun sözlərinə görə, Ankara Stokholm və Helsinkidən qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK), FETÖ və digər terror təşkilatlarına qarşı tədbir görməsini gözləyir.
"Ancaq memorandumun imzalanmasından təxminən iki aya yaxın vaxt keçməsinə baxmayaraq, indiyədək heç bir addım atılmayıb", - Şentop bildirib.
Siyasətçi əlavə edib ki, Türkiyə ümumilikdə İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına üzvlüklə bağlı strateji hədəfini dəstəkləyir.
Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasından sonra İsveç və Finlandiya "Rusiya təhlükəsi"ndən ehtiyat edərək NATO-ya üzv olmaq istəklərini bildiriblər. Yalnız Türkiyə onların alyansa qoşulmasına qarşı çıxıb. Ankara Stokholm və Helsinki qarşısında bir sıra şərtlər irəli sürüb və bu şərtlər əsasında Türkiyə tərəfi bu ölkələrin təşkilata üzv olmağına razılıq verəcək. Bu tələblər arasında, xüsusən də Türkiyədə tanınan terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) tərəfdarlarının deportasiyası olub.
Sentyabrın 1-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, NATO Rusiya ilə həmsərhəd olan Finlandiya və İsveç ərazilərində öz bazalarını yerləşdirərsə, Rusiya tərəfi lazımi tədbirləri görəcək.