DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Quterreş Şimali Koreyanın nüvə silahı qanunundan narahatdır - Baş katibin ofisi

Şimali Koreya parlamentində nüvə qüvvələri haqqında yeni qanun qəbul edib və bu qanunda qabaqlayıcı nüvə zərbəsi konsepsiyası təsbit edilib.
Sputnik
BAKI, 9 sentyabr - Sputnik. BMT-nin baş katibi Antonio Quterreş Şimali Koreyanın nüvə qüvvələri haqqında qanunun qəbulundan son dərəcə narahatdır və Pxenyanı nüvəsizləşdirmə üzrə danışıqlara qayıtmağa çağırır. Bunu cümə günü brifinqdə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.

“Biz bu hesabatları gördük. Baş katib KXDR-in nüvə qüvvələri haqqında qanunun qəbulundan son dərəcə narahatdır. Baş katib tez-tez nüvə silahlarından danışır. Təhlükəsizlik doktrinalarında nüvə silahının artan rolu nüvə risklərini azaltmaq və aradan qaldırmaq üçün beynəlxalq ictimaiyyətin onilliklər ərzində göstərdiyi səylərə ziddir".

Qurum rəsmisi həmçinin bildirib ki, KXDR özünün nüvə proqramı, o cümlədən ballistik daşıyıcı raketlərin inkişafı çərçivəsində BMT Təhlükəsizlik Şurasının bu cür fəaliyyətlərin dayandırılması ilə bağlı qətnamələrini pozur:
"Baş katib KXDR-i sülhə nail olmaq və Koreya yarımadasının nüvəsizləşdirilməsi üçün əsas maraqlı tərəflərlə dialoqu bərpa etməyə təşviq edir”, - deyə Düjarrik bildirib.
Kim Çen In, arxiv şəkli
Xatırladaq ki, KXDR Ali Xalq Assambleyası (parlament) sentyabrın 7-8-də keçirilən növbəti sessiyası zamanı nüvə qüvvələri haqqında yeni qanun qəbul edib və bu qanunda qabaqlayıcı nüvə zərbəsi konsepsiyası təsbit edilib.
Bu münasibətlə cümə axşamı parlamentdə çıxış edən Şimali Koreya lideri Kim Çen In ölkənin ABŞ-dan gələn təhlükə üzündən nüvə silahından heç vaxt imtina etməyəcəyini və yeni qanunun nüvəsizləşdirmə danışıqlarını qeyri-mümkün etdiyini söyləi.