SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistanla münasibətlərin normallaşmasında maraqlıyıq - Şahin Mustafayev

Baş nazirinin müavini qeyd edib ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan ərazisi ilə tranzit yük daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 47% çox olub.
Sputnik
BAKI, 9 sentyabr — Sputnik. "Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasında maraqlıdır".
Bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Bakıda Rusiya və İran rəsmiləri ilə keçirdiyi görüşdə deyib.
"Azərbaycan artıq sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu bəyan edib. Bölgədəki vəziyyətin normallaşdırılması üçün sülhdən başqa heç bir alternativ yoxdur və bu ilk növbədə Azərbaycanla Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması, hörmət edilməsi əsasında dövlətlərarası münasibətlərin təsis edilməsi çərçivəsində əldə edilə bilər", - o qeyd edib.
Baş nazirinin müavini qeyd edib ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan ərazisi ilə tranzit yük daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 47% çox olub.
""Şimal-Cənub" və "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən Azərbaycan hazırda regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilib. Ölkələrimiz arasında sıx tarixi əlaqələr, ortaq mədəni dəyərlər mövcuddur. Azərbaycan hər iki ölkə ilə strateji münasibətlərin, siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafında maraqlıdır. O cümlədən, ölkələrimizin iştirakçısı olduğu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ən böyük nəqliyyat əməkdaşlığı layihələrindən biridir. Bu dəhliz iqtisadi səmərəliliyi, böyük həcmdə yük daşınması imkanları, vaxt və təhlükəsizlik baxımından çox böyük əhəmiyyət kəsb edir. Onunla daşımaların artırılması üçün geniş imkanlar mövcuddur", - hökumət rəsmisi qeyd edib.
Bu gün Bakıda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin İnkişafı üzrə Azərbaycan, Rusiya və İran rəsmiləri arasında görüş keçirilir.
Görüşün sonunda Bakı Bəyannaməsinin imzalanması nəzərdə tutulur.
Qeyd edək ki, Rəşt-Astara dəmir yolu "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmentini təşkil edən dəmir yoludur. Bu, Avropa, Rusiya və Qafqaz dövlətlərini körfəz və Cənub-Şərqi Asiya ölkələri ilə nəqliyyat baxımından birləşdirir. Avropadan Asiyaya və əks istiqamətə daşınacaq yüklər Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolundan keçəcək.
Bu yolun Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Azərbaycan, İran və Rusiya yolun Rəşt-Astara hissəsinin də tezliklə tikilib istifadəyə verilməsində maraqlıdır. Çünki bu yol Azərbaycanın Asiya ölkələri ilə ticarət əlaqələrini genişləndirməklə yanaşı, tranzit imkanlarını da artıracaq.
İran mətbuatı qeyd edir ki, dəmir yolu hazır olduqdan sonra İranın qonşuları ilə də ticarət əlaqələri inkişaf edəcək. Bu yol təkcə İrana deyil, tranzit ölkə olan Azərbaycana da gəlir gətirəcək.
SİYASƏT
Üç ölkənin rəsmiləri Bakıda görüşürlər: Bəyannamə imzalanacaq