BAKI, 8 sentyabr — Sputnik. Sabah Şuşada Azərbaycan bədii fikrinin görkəmli siması, şair Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubleyi münasibəti ilə tədbir keçiriləcək.
Mədəniyyət nazirliyindən verilən xəbərə görə, tədbir Prezident İlham Əliyevin martın 14-də Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı çərçivəsində həyata keçiriləcək.
Tədbirlə əlaqədar bir çox mədəniyyət nümayəndələri, yazıçı, şairlər və incəsənət xadimləri Şuşada səfərdədir.
Məlumat üçün bildirək ki, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılıb. Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərək buradakı tarixi-memarlıq və mədəniyyət abidələrini vandalcasına dağıdarkən güllə ilə zədələdikləri həmin büst 44 günlük Vətən müharibəsində şəhər şanlı Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra əzəli məkanına qaytarılıb.
Qeyd edək ki, Xurşidbanu Natəvan xanım Cavanşir-Usmiyeva 1832 avqustun 6-da, Şuşada anadan olub. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi olub. 1897 oktyabrın 2-də dünyasını dəyişib, Ağdamın "İmarət" qəbiristanlığında dəfn olunub.