BAKI, 7 sentyabr — Sputnik. Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Belarusa göndərilməsi planlaşdırılan 23 tondan çox toyuq ayağını məhv edib.
Bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, AQTA istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Belarusa ixrac üçün nəzərdə tutulmuş "Sunaz" MMC-yə məxsus dondurulmuş toyuq ayaqlarından Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitununun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində məhsullarda salmonella aşkar edilib. Faktla bağlı məhsulların məhv edilməsi barədə qərar qəbul olunub, ümumi çəkisi 23100 kq məhsul "Təhlükəli Tullantılar" MMC-nin tullantıların zərərləşdirilməsi poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.