BAKI, 7 sentyabr — Sputnik. Elm və təhsil naziri Emin Əmrullayev məktəbli formaları ilə bağlı valideynlərin narazılığına münasibət bildirib. Nazir jurnalistlərə açıqlamasında bildirib ki, yeni məktəbli formaları ilə bağlı gərginlik var. E.Əmrullayev deyib ki, bu, məlumatsızlıq ucbatından, bəzən də valideynlərin düzgün ünvanlara müraciət etməmələri səbəbindən baş verir".
Onun sözlərinə görə, nazirlik məktəbli formalarının satışı və tikişi ilə məşğul olan qurum deyil: "Biz yalnız həmin formaların nümunəvi qaydada olmasına nəzarət edirik. Təbii ki, burada məcburiyyət yoxdur. Bu, məktəb kollektivi və təhsil ocağının qərarı olmalıdır. Ümumilikdə, vahid geyim formalarının olmasını məqsədəuyğun hesab edirik. Əgər məktəbli formaları ilə bağlı məcburiyyət halı və faktı olsa, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, eləcə də regional təhsil idarələrinə müraciət edilsin. Bu halda məsələyə baxıla və ölçü götürülə bilər".
Qeyd edək ki, yeni formaların satışına avqustun 17-dən başlanıb. Bakı Tikiş Evi hər gün təxminən 500-600 yeni məktəbli formasının tikildiyini və bir o qədər də geyimin satıldığını açıqlayıb. Formalar BTE-nin mağazaları ilə yanaşı "Bravo" marketlərdə də satışa çıxarılır.
Yeni formaların istehsalına gec başlandığı üçün tədris ilinin başlanmasına qədər geyimləri çatdırmaqda çətinliklər yaranıb. Bu səbəbdən bu il yuxarı siniflər üçün məktəbli formaları tikilməyəcək. Bu il Bakı Tikiş Evi yalnız ibtidai sinifləri təmin etmək gücündədir.
Hazırda Bakı Tikiş Evinin qarşısında və məktəbli forması satılan "Bravo" mağazalarının önündə uzun növbə yaranıb.