BAKI, 7 sentyabr — Sputnik. Təkrar sertifikatlaşdırılmada uğur qazanmayan müəllimlərin əmək müqaviləsinə xitam vermək məcburiyyətində qalacağıq. Bu, qanunvericiliyin tələbidir.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yeni tədris ili başlayanadək sertifikasiyanın müsahibə mərhələsinin keçirilməsi planlaşdırılır: "Artıq müsahibə komissiyaları da yaradılıb. Müsahibə bəzi müəllimlərlə onlayn, bəziləri ilə isə üzbəüz olacaq. Çalışacağıq ki, müəllimlər bu ay əlavələrini ala bilsinlər".
Nazir həmçinin bəzi müəllimlərin test imtahanı mərhələsində sözləri səhv yazmaları məsələsinə də aydınlıq gətirib: "Bu, hələ ilkin nəticələrdir, problemin niyə baş verməsi araşdırılmalıdır. Yəqin ki, müxtəlif səbəblər olacaq. Əminəm ki, əsas səbəb imtahanlar ilk dəfə keçirildiyindən yaranan həyəcan olub. Gördüyümüz odur ki, imtahan mərhələsində minimal balı toplayan müəllimlərin yarısından çoxu 25-28 bal toplayıb. Hansısa 2-3 bal həmin müəllimlərin uğur əldə etməsinə mane olub. Əminəm ki, bu aradan qaldırıla biləcək məsələdir. Bilirik ki, zəif nəticə göstərən müəllimlər üçün növbəti il də sertifikasiya imtahanı keçiriləcək. İnanırıq ki, təkmilləşdirmə kursları həmin şəxslərə kömək olacaq, həm həyəcanlarını dəf edə biləcək, həm də lazım olan 3-5 balı toplayacaqlar".