BAKI, 6 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Avropa bu qış Rusiya qazının tədarükünün azalması səbəbindən ciddi problemlərlə üzləşəcək, lakin Avropa ölkələri "öz əkdiklərini biçirlər".
Türkiyə lideri sentyabrın 6-da Avropa regionuna mavi yanacağın tədarükündə yaranmış böhranla bağlı vəziyyəti şərh edib.
"Avropa əkdiyini biçir. Putinə qarşı Avropanın mövqeyi, sanksiya tətbiq etməsi istər-istəməz Putini də onlara qarşı “siz belə edirsinizsə, mən də belə edərəm” səviyyəsinə çatdırıb. Putin əlindəki bütün imkan və alətləri istifadə edir. Bunlardan ən önəmlisi də təbii qazdır. İstəməzdik belə olsun, amma təəssüf ki, belə bir durum Avropada formalaşıb. Avropa bu qışı çətinliklərlə keçirəcək. Ancaq bizim belə problemimiz yoxdur", - deyə Ərdoğan Türkiyənin "indiki mərhələdə qaz tədarükündə heç bir probleminin olmadığını" qeyd edib.
Xatırladaq ki, bir gün əvvəl, sentyabrın 5-də Avropa diplomatiyasının rəhbəri Josep Borrel Avropa ölkələrinin sakinlərinin "qarşıdan gələn qışdan və enerji böhranının nəticələrindən çox narahat olduqlarını", həmçinin avropalıların Rusiyaya qarşı sanksiyalarından yorulduqlarını qeyd edib. Buna baxmayaraq, diplomat regionun hakimiyyət orqanlarını Avropa vətəndaşlarına "sanksiya siyasətinin zəruriliyini" izah etməyə çağırıb.