BAKI, 6 sentyabr — Sputnik. Elm və Təhsil Nazirliyi məktəblilər üçün yeni geyim formalarının alınması ilə bağlı valideynlərin narazılıqlarına münasibət bildirib.
Nazirlikdən cavab olaraq qeyd olunub ki, yeni tədris ilinin sonunadək formaların dəyişdirilməsi məcburi deyil.
Bildirilib ki, hazırkı geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək istifadə edilə bilər:
"Bu, Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli qərarında da yer alıb".
Xatırladaq ki, sosial şəbəkələrdə bəzi məktəblərdə yeni geyim formasının məcburiliyi barədə məlumatlar yayılıb.
Qeyd edək ki, yeni formaların satışına avqustun 17-dən başlanıb. Bakı Tikiş Evi hər gün təxminən 500-600 yeni məktəbli formasının tikildiyini və bir o qədər də geyimin satıldığını açıqlayıb. Formalar BTE-nin mağazaları ilə yanaşı "Bravo" marketlərdə də satışa çıxarılır.
Yeni formaların istehsalına gec başlandığı üçün tədris ilinin başlanmasına qədər geyimləri çatdırmaqda çətinliklər yaranıb. Bu səbəbdən bu il yuxarı siniflər üçün məktəbli formaları tikilməyəcək. Bu il Bakı Tikiş Evi yalnız ibtidai sinifləri təmin etmək gücündədir.
Hazırda Bakı Tikiş Evinin qarşısında və məktəbli forması satılan "Bravo" mağazalarının önündə uzun növbə yaranıb.