BAKI, 5 sentyabr — Sputnik. Bu gün "TurAz Qartalı - 2022" birgə taktiki-uçuş təlimlərinin açılış mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbirdə Azərbaycanın və Türkiyənin hərbi qulluqçuları, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və başqaları iştirak ediblər.
Əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Hərbi Hava Qüvvələrinin zabiti general-mayor Zaur Rüstəmov qonaqları salamlayaraq vurğulayıb ki, bu cür təlimlərin keçirilməsi birgə fəaliyyətlərinin planlaşdırılması, qarşılıqlı əlaqə və döyüş uzlaşmasının öyrənilməsi, eləcə də axtarış-xilasetmə tədbirlərinin icrası baxımından mühüm əhəmiyyət kəsb edir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan-Türkiyə dostuq və qardaşlıq əlaqələrinin uğurlu inkişafından, bu münasibətlərin yüksək nəticələrindən danışıb.
Digər çıxış edənlər də təlimlərin başlanması və döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsi ilə əlaqədar iştirakçılara uğurlar arzulayıblar.
Sonra təlimlərin məqsədi, şəxsi heyətin hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə brifinq verilib. Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.