"Mənim babam Gədəbəyin Şınıx kəndindən idi. Qarabağ müharibəsi zamanı Ermənistan ordusu Başkənd ərazidən Azərbaycanın Gədəbəy rayonunun Şınıx bölgəsini və Tovuz rayonunun bəzi kəndlərini atəş altında saxlamaq üçün istifadə edirdi. 1992-ci ilin yayında Ermənistan ordusu Gədəbəy rayonuna Ermənistan tərəfdən hücuma keçdi. Qarabağ müharibəsi başlayandan sonra ermənilər Başkəndi güclü istehkama çevirmişdilər və oradan Gədəbəyin kəndlərinə daim təhlükə yaradır, dinc əhaliyə qarşı silahlı hücumlar edirdilər. Qanlı hadisələrdən biri 1991-ci il yanvarın 31-də törədildi, erməni yaraqlıları Başkənddən keçib Şınıx tərəfə gedən yolun Mutudərəyə yaxın hissəsində 6 azərbaycanlını qətlə yetirdilər. Bundan sonra Şınıxa gediş-gəliş daha da çətinləşdi. Həmin vaxtlarda babam Bakıda vəfat etmişdi. Biz babamızı dəfn etmək üçün erməni kəndinin yanından keçməli idik. Çox çətinliklə gedib çıxdıq. Rus ordusu bizi tankla qarşıladı, onların vasitəsi ilə biz kəndimizə getməli olduq".
"O vaxt televiziya vasitəsi ilə elan edildi. Mən də könüllü olaraq döyüşə getdim. Dedilər ki, kim hansı bölgədə vuruşmaq istəyirsə, gedə bilər. Mən də düşündüm ki, digər bölgələri tanımıram, ona görə də Gədəbəyə getdim".
"Orada başqa qadınlar da var idi. Amma nədənsə, onun diqqətini mən çəkmişdim. Bəzən müəyyən problemlər olurdu mənimlə bağlı. O həmişə məni müdafiə edirdi. Deyirdi "aslanın dişisi, erkəyi olmaz". Hərbiçi olmaqla yanaşı, çox gözəl şeir deyirdi, saz çalırdı. Hər dəfə ağır döyüşlərdən sonra qələbə qaananda saz çalırdı. Bir dəfə mənə sazla öz eşqini elan edəndə əsəbləşdim. Həmin an mənə dedi ki, "Mənimlə evlənərsən?". Mən də düşünmədən "hə" dedim".