DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniyada 2023-cü ilin əvvəlində elektrik enerjisi kəsilə bilər

Partiya lideri bildirib ki, əgər qış dövründə hər beşinci alman evi elektriklə qızdırsa, bu, enerji sisteminin tam yüklənməsinə və enerji çatışmazlığına səbəb ola bilər.
Sputnik
BAKI, 4 sentyabr - Sputnik. Gələn ilin əvvəlində Alman Hakimiyyətinin nüvə enerjisindən imtina etməsi fonunda Almaniya sakinlərinin elektrik enerjisinin kəsilməsini gözləmək olar. “Bild am Sonntag” nəşri məlumat verir ki, bunu Almainayanın Xristian-demokrat ittifaqı partiyasının (XDİ) lideri Fridrix Merts deyib.
Mertsin sözlərinə görə, əgər qış dövründə hər beşinci alman evi elektriklə qızdırsa, elektrik enerjisinə tələbat iki dəfə artacaq.
Bu, enerji sisteminin tam yüklənməsinə və enerji çatışmazlığına səbəb ola bilər. "Hökumət eyni ruhda davam edib ideoloji səbəblərə görə atom energetikasından imtinaya əməl edərsə, bizi gələn ilin əvvəlində elektrik enerjisinin kəsilməsi gözləyə bilər", - deyə o vurğulayıb.
XDİ lideri, həmçinin, Almaniyanın üç atom elektrik stansiyasının yeni yanacaq elementləri ilə təmin edilməsinin zəruriliyini də qeyd edib.
Onun fikrincə, belə bir tədbir ölkədə 20 milyon ev təsərrüfatının etibarlı elektrik enerjisi ilə təminatına imkan verəcək.
Bir müddət əvvəl Almaniyanın Bavariya hökumətinin başçısı Markus Zeder bildirmişdi ki, enerji böhranına görə Almaniyada əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin azalması və müflisləşmə dalğası baş verə bilər.