İDMAN

Şəhriyar Məmmədyarov FİDE reytinqinin ilk onluğundakı yerini qoruyub saxlayıb

Beynəlxalq federasiyanın sentyabr ayı üzrə reytinqində Azərbaycanın səkkiz təmsilçisi planetin ilk yüz şahmatçısı sırasına daxil edilib.
Sputnik
BAKI, 2 sentyabr — Sputnik. Azərbaycanın aparıcı qrossmeysteri Şəhriyar Məmmədyarov dünya reytinqinin ilk onluğundakı yerini qoruyub saxlayıb.
Beynəlxalq Şahmat Federasiyası (FİDE) 1 sentyabr 2022-ci il tarixinə dünya şahmatçılarının reytinq cədvəlini açıqlayıb. Yenilənmiş siyahıya əsasən, Azərbaycanın aparıcı şahmatçısı Şəhriyar Məmmədyarov 2757 xalla dünya sıralamasında onuncu yerini qoruyub saxlayıb. Hesabat dövründə keçirdiyi oyunların sayına görə geri qalan fransalı Maksim Vaşye-Laqrav da eyni xala malikdir.
Qeyd edək ki, oktyabr ayı reytinqində Məmmədyarovun ELO-göstəricisi mütləq dəyişəcək, çünki cümə günü, sentyabrın 2-də o, dünyanın aparıcı şahmatçılarının, o cümlədən hazırkı dünya çempionu Maqnus Karlsenin (Norveç) iştirakı ilə ilin ən güclü turniri olan Sent-Luisdə (ABŞ) keçirilən Sinqfild Kubokunda çıxışına başlayır.
Şəhriyar Məmmədyarov, arxiv şəkli
Digər azərbaycanlı qrossmeysterlərə gəlincə, ilk yüzliyə Teymur Rəcəbov (15-ci yer, 2747), Arkadi Naydiç (81, 2666) və Qədir Hüseynov (85, 2661) daxildir.
Sentyabrın 1-nə olan dünya reytinqinin ilk onluğu aşağıdakı kimidir: 1.Maqnus Karlsen (Norveç, 2861), 2.Din Lijen (Çin, 2808), 3.Yan Nepomnyaşiy (Rusiya, 2792), 4.Əlireza Firuca (Fransa, 2778), 5.Uesli So (ABŞ, 2771), 6.Hikaru Nakamura (ABŞ, 2768), 7.Aniş Giri (Hollandiya, 2764), 8.Levon Aronyan (ABŞ, 2759), 9.Fabiano Karuana ( ABŞ, 2758), 10.Şəhriyar Məmmədyarov (Azərbaycan, 2757).
Qadınlar üzrə turnir cədvəlində ən yaxşı Azərbaycan şahmatçısı yenə də 2473 xalla 21-ci sırada olan Günay Məmmədzadədir. Eyni zamanda aktivində 2408 xala malik olan Ülviyyə Fətəliyeva 45-ci yerdə qərarlaşıb. Qeyd edək ki, bu ərəfədə Məmmədzadə və Fətəliyeva müvafiq olaraq 9,6 və 13,5 xal toplayaraq Praqada (Çexiya) qadınlar arasında keçirilən Avropa çempionatının gümüş və bürünc medalçıları olublar. Düzdür, qitə birinciliyinin nəticələri FİDE tərəfindən yalnız oktyabr siyahısında nəzərə alınacaq.
Qadınlar üzrə reytinq cədvəlinin ilk yüzlüyünə Gülnar Məmmədova (73-cü yer, 2382) və Xanım Balacayeva (76-cı yer, 2379) da daxildir. Qadınlar üzrə reytinqdə çinli Hou İfan (2650) liderdir, rusiyalı Aleksandra Qoryaçkina (2579) ikinci yerdə, Xampi Koneru (2574) isə üçüncü yerdə qərarlaşıblar.
Kişilər arasında şahmat üzrə ölkənin ilk onluğu aşağıdakı kimidir: 1.ABŞ (2727 - ölkənin ən yaxşı on oyunçusunun orta reytinqi), 2.Rusiya (2714), 3.Çin (2697), 4.Hindistan (2692), 5.Ukrayna (2660), 6.Azərbaycan (2656), 7.Fransa (2648), 8.Ermənistan (2637), 9.İspaniya (2633), 10.Almaniya (2631).
Qadın şahmatçıların göstəricilərinə görə şahmat üzrə ölkənin ilk onluğu aşağıdakı kimidir: 1. Çin (2466), 2. Rusiya (2457), 3.Hindistan (2420), 4.Gürcüstan (2416), 5.Polşa (2388), 6.Ukrayna (2386), 7.ABŞ (2357), 8. Almaniya (2346), 9.Fransa (2342), 10.Qazaxıstan (2337). Azərbaycan isə 2320 göstərici ilə 11-ci yerdədir.