RUSİYA

Kremldən MAQATE missiyasının Zaporojye AES-ə gəlməsinə münasibət

Rusiya Prezidentinin mətbuat katibi bildirib ki, bütün çətinliklərə və problemlərə, o cümlədən Ukrayna tərəfinin təxribatlarına baxmayaraq, bu missiyanın gəlib işləməyə başlamasını müsbət qiymətləndirirlər.
Sputnik
BAKI, 2 sentyabr — Sputnik. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Beynəlxalq Atom Enerjisi Agentliyinin missiyasının Zaporojye AES-ə gəlməsini şərh edib.
"Missiyanın gəlişini qiymətləndirmək hələ tezdir. Ümumiyyətlə, biz bütün çətinliklərə və problemlərə, o cümlədən Ukrayna tərəfinin təxribatlarına baxmayaraq, bu missiyanın gəlib işləməyə başlamasını müsbət qiymətləndiririk. Əsas odur ki, missiya oradadır. Missiya stansiyanın vəziyyətini və nüvə təhlükəsizliyi ilə bağlı məsələləri qiymətləndirməlidir", - Kremlin sözçüsü bildirib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertlərdən ibarət nümayəndə heyəti sentyabrın 1-də günortadan sonra Zaporojye Atom Elektrik Stansiyasına gəlib.
Bundan əvvəl MAQATE rəhbəri Rafael Qrossi Zaporojye AES-ə baş çəkdikdən sonra oradakı vəziyyətlə bağlı ilk dəyərləndirmələrini edib.
Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanovun sözlərinə görə, agentliyin iki əməkdaşı daimi əsaslarla Zaporojye AES-in ərazisində qalacaq.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.