BAKI, 31 avqust — Sputnik. "Azərbaycanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə dialoqunun hər hansı bir formatda inkişafı bütün region üçün hiss olunan effekt verə bilər".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
"Öz tərəfimizdən Azərbaycan Baş Nazirinin Avrasiya İqtisadi İttifaqının hökumət sədrlərinin iclasında iştirakını müsbət qiymətləndiririk. Fikrimizcə, Bakı ilə Aİİ-nin əməkdaşlıq potensialı olduqca yüksəkdir. Biz bu cür əməkdaşlığın böyük perspektivini götürürük. Eləcə də, hesab edirik ki, bu əməkdaşlıq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin xeyrinə olacaq. Əminik ki, Azərbaycanla Aİİ arasında nəqliyyat sahəsində əməkdaşlığın dərinləşməsi ölkələrimiz arasında ticarət dövriyyəsini artırmağa və birgə infrastruktur layihələrinin həyata keçirilməsinə imkan verəcək", - deyə Rusiya XİN rəsmisi vurğulayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Baş Naziri Əli Əsədov Qırğızıstanın Çolpon-Ata şəhərində qonaq qismində Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib.
İclasda çıxış edən hökumət başçısı Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olan demək olar ki, bütün ölkələrlə sıx əlaqələrə və iqtisadi əməkdaşlığa malik olduğunu diqqətə çatdırıb. O bildirib ki, bu münasibətlər ərazi bütövlüyünə qarşılıqlı hörmət, milli suverenlik və bir-birinin milli maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanır.