RUSİYA

Lavrovdan Üçtərəfli İşçi Qrupun razılığa gəlməsi barədə açıqlama

Rusiya xarici işlər naziri bildirib ki, İşçi Qrup razılığa gəlmək barədə əhəmiyyətli dərəcədə irəliləyib.
Sputnik
BAKI, 31 avqust — Sputnik. Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı üçtərəfli İşçi Qrupu razılığa gəlmək barədə əhəmiyyətli dərəcədə irəliləyib.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Rusiyalı nazir Cənubi Qafqazda iqtisadi, ticarət əlaqələrinin və nəqliyyat kommunikasiyalarının açılması məsələləri ilə Rusiya, Azərbaycan və Ermənistan baş naziri müavinlərinin iştirak etdiyi Üçtərəfli İşçi Qrupun məşğul olduğunu xatırladıb:
"Bu İşçi Qrup Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı komissiya ilə eyni zamanda ritmik çalışır. Bu günlərdə həmin qrupun növbəti təması gerçəkləşdi. İşçi Qrup razılığa gəlmək barədə əhəmiyyətli dərəcədə irəliləyib. Ümid edirəm ki, ən yaxın vaxtda razılaşmalar formalaşdırılacaq. Xüsusən vacib olan odur ki, bu iş vakumda aparılmır, təcrid olunmayıb, sıx əlaqədə aparılır".
Rusiya XİN başçısı iranlı həmkarı ilə Moskva, Bakı və Tehran arasında Rəşt-Astara dəmiryolunun bərpası ilə bağlı aparılan müzakirələrdən də danışıb:
"Sentyabrda bununla bağlı profil strukturların görüşü planlaşdırılır. Mənə elə gəlir ki, bu proses praktiki planda olduqca irəliləyib".