BAKI, 30 avqust — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. London birjasında "Brent" markalı neftin qiyməti 0,63 dollar azalaraq 104,46 dollar təşkil edib. Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,21 dollar ucuzlaşaraq 96,8 dollar olub.
Qeyd edək ki, ötən həftə ABŞ-ın strateji xam neft ehtiyatları azalaraq 1984-cü ilin dekabrından bəri ən aşağı səviyyəyə düşüb. ABŞ Energetika Nazirliyinin məlumatlarına görə, ABŞ-ın strateji neft ehtiyatları həftəlik 3,1 milyon barel azalaraq 450 milyon barelə düşüb. ABŞ-da neft ehtiyatları ilə bağlı məlumatlar qiymətlərə təsir göstərir. Ümumiyyətlə isə neftin qiymətləri qlobal iqtisadi artımın yavaşlayacağı narahatlığı ilə artıq üçüncü aydır ki, ucuzlaşır.
Xatırladaq ki, ötən həftə Azərbaycan neftinin 1 barelinin orta qiyməti 100,73 dollara bərabər olub. Bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 4,89 faiz çoxdur. Bu il Azərbaycan neftinin maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
OPEC+ ölkələri nazirlərinin 32-ci iclasının 5 sentyabr tarixində keçirilməsi razılaşdırılıb. Şahzadə Əbdül Əziz bin Salman Əl-Səud deyib ki, OPEC+ tezliklə 2022-ci ildən sonrakı dövr üçün yeni saziş üzərində işə başlayacaq və onu daha səmərəli etmək niyyətindədir.
"Biz tezliklə əvvəlki təcrübəmizə, uğurlarımıza və nailiyyətlərimizə əsaslanaraq 2022-ci ildən sonrakı yeni müqavilə üzərində işə başlayacağıq. Biz yeni sazişi əvvəlkindən daha səmərəli etmək niyyətindəyik", - deyə o bildirib.