NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycanın neft kəmərlərində itkiləri kəskin azalıb

Azərbaycanda neft kəmərlərində 1,3 min ton itki olub, bu da ötən ilin cari dövrü ilə müqayisədə azdır
Sputnik
BAKI, 30 avqust — Sputnik. Cari ilin yanvar-iyun aylarında Azərbaycanda neft kəmərlərində 1,3 min ton itki olub ki, bu da illik müqayisədə 27,8% azdır.
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, ötən ilin müvafiq dövründə respublika üzrə neft kəmərlərində itkilər 1,8 min ton təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar-iyun ayında Azərbaycanda magistral neft kəmərləri ilə 17 747,1 min ton neft nəql edilib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 1,7% çoxdur. Nəqletmənin 79,5%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 14 111,6 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 8% çox).
Xatırladaq ki, ötən il Azərbaycanda neft kəmərlərində 3,3 min ton itki olub, bu da illik müqayisədə 17,9% çoxdur. Ötən il Azərbaycanda magistral neft kəmərləri ilə 35 018 min ton neft nəql edilib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 0,86% çoxdur. Nəqletmənin 75,5%-i BTC ilə həyata keçirilib, ötən il kəmər vasitəsilə 26 421,5 min ton neft ötürülüb (2020-ci ilin göstəricisi ilə müqayisədə 3,85% az).