BAKI, 29 avqust — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb.
London birjasında "Brent" markalı neftin qiyməti 0,72 dollar artaraq 101,71 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 1,02 dollar bahalaşaraq 94,08 dollar olub.
Ötən həftə Azərbaycan neftinin 1 barelinin orta qiyməti 100,73 dollara bərabər olub. Bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 4,89 faiz çoxdur.
Qeyd edək ki, neft hasilatının azalacağı ilə bağlı narahatlıqlar neftin bahalaşmasına səbəb olub. Ümumiyyətlə isə neftin qiymətləri qlobal iqtisadi artımın yavaşlayacağı narahatlığı ilə artıq üçüncü aydır ki, ucuzlaşır.
Xatırladaq ki, bu il Azərbaycan neftinin maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
OPEC+ ölkələri nazirlərinin 32-ci iclasının 5 sentyabr tarixində keçirilməsi razılaşdırılıb.
Şahzadə Əbdül Əziz bin Salman Əl-Səud deyib ki, OPEC+ tezliklə 2022-ci ildən sonrakı dövr üçün yeni saziş üzərində işə başlayacaq və onu daha səmərəli etmək niyyətindədir.
"Biz tezliklə əvvəlki təcrübəmizə, uğurlarımıza və nailiyyətlərimizə əsaslanaraq 2022-ci ildən sonrakı yeni müqavilə üzərində işə başlayacağıq. Biz yeni sazişi əvvəlkindən daha səmərəli etmək niyyətindəyik", - deyə o bildirib.