BAKI, 29 avqust — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 150 uşaq övladlığa verilib. Onlardan 79-u oğlan, 71-i qızdır.
Nazirlikdən bildirilib ki, övladlığa götürülmüş uşağın 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə ailədəki vəziyyəti, inkişaf səviyyəsinin öyrənilməsi üçün monitorinqlər aparılır. Bu il də 771 uşağın övladlığa verildiyi ailələrdəki vəziyyət monitorinq edilib.
1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bundan sonra övladlığagötürmə sahəsində elektron infrastruktur üzərində yeni müasir idarəetmə sistemi yaradılıb. Həmin vaxtdan 152-si oğlan, 146-sı qız olmaqla 298 uşaq övladlığa verilib.
Bu il həmçinin reinteqrasiya tədbirləri nəticəsində 73 uşağın dövlət uşaq müəssisələrindən ailələrinə qayıdışına nail olunub.
Qeyd edək ki, Azərbaycanda uşaqların övladlığa götürülməsi ilə bağlı müraciətlər daha çox uşaqların qohumları tərəfindən edilir. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsisteminin təqdimatında çıxışı zamanı deyib.