HADİSƏ

Yanğının söndürülməsinə cəlb olunan FHN-in təyyarəsi qəza enişi edib

Hadisə nəticəsində xəsarət alan olmayıb.
Sputnik
BAKI, 28 avqust - Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi Lənkəranda qəza enişi edib.
Bu barədə FHN xəbər verir.
Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi əməliyyatına cəlb olunmuş FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarədə texniki problem yaranıb.
Bununla bağlı təyyarənin ekipajı tərəfindən Lənkəran Beynəlxalq Hava Limanına təcili enmə qərarı verilib.
Ekipaj üzvlərinin peşəkarlığı sayəsində təyyarə saat 16:38-də Lənkəran Beynəlxalq Hava Limanına qəza enişi edib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.