BAKI, 28 avqust — Sputnik. Azərbaycan Ordusunun hərbi polis bölmələrinin Laçın şəhəri, Zabux və Sus kəndlərində xidməti fəaliyyəti təşkil edilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, qeyd olunan ərazilərdə hərbi polis tərəfindən təhlükəsizlik fəaliyyətləri həyata keçirilir.
Nəzarət-buraxılış məntəqələrində patrul xidməti həyata keçirilir, obyektlər mühafizə olunur, əraziyə daxil olan texnikanın uçotu aparılır, hərbi nəqliyyat vasitələrinin hərəkəti istiqamətləndirilir, həmçinin kolonların təhlükəsizliyi məqsədilə onlar müşayiət edilir.
Bundan əlavə hərbi polisin tabeliyində fəaliyyət göstərən Kinologiya Mərkəzində xüsusi təlim keçmiş cins itlərinin cəlb edilməsilə ərazidə mina axtarış tədbirləri və qarovul xidmətinin təşkili həyata keçirilir.