BAKI, 26 avqust - Sputnik. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsinə münasibət bildirib.
O, bu barədə Twitter səhifəsində yazıb:
“Laçın şəhəri və ətrafındakı 2 kəndin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Azərbaycana qayıtmasını məmnuniyyətlə qarşılayırıq. Bunun Cənubi Qafqazda sülh və sabitliyin təsis olunmasına, regiondakı normallaşma prosesinə təsir edəcəyini arzu edirik”.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Twitter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan avqustun 26-da azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.