NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft niyə bahalaşır - FED sədrinin çıxışı diqqətlə izləniləcək

Qlobal iqtisadiyyatın yavaşlaması ilə bağlı narahatlıqlar səbəbindən iyun ayından bəri ucuzlaşan qiymətlər bu ay 90 dollar ətrafında stabilləşib.
Sputnik
BAKI, 26 avqust — Sputnik. Neft bazarında qiymətlərin bahalaşması davam edir.
ABŞ Mərkəzi Bankının (FED) rəhbəri Cerom Pauelin bu gün gözlənilən çıxışı, neft hasilatının azalması xəbərləri qiymətlərin qalxmasına səbəb olur. Bu gün FED rəhbərinin inflyasiya ilə mübarizədə qərarlı olduqlarına dair bəyanatını təkrarlaması gözlənilir.
Digər tərəfdən, Səudiyyə Ərəbistanın OPEC-in qiymətləri sabitləşdirmək üçün hasilatı azalda biləcəyinə işarə etməsindən sonra bu həftə qiymətlər yüksəlib.
ABŞ nefti 93 dolların üzərinə yüksəlib. "Brent" markalı neftin qiyməti isə 0,7 faiz artaraq 100 dolları ötüb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,06 ABŞ dolları və ya 1,04 faiz bahalaşaraq 102,58 dollar təşkil edib.
Qeyd edək ki, qlobal iqtisadiyyatın yavaşlaması ilə bağlı narahatlıqlar səbəbindən iyun ayından bəri ucuzlaşan qiymətlər bu ay 90 dollar ətrafında stabilləşib.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.