RUSİYA

Stoltenberq: Rusiya və Çinin Arktikada əməkdaşlığı NATO-ya bir mesajdır

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Nikolay Korçunov bəyan edib ki, Arktika "beynəlxalq hərbi əməliyyatlar teatrına" çevrilir.
Sputnik
BAKI, 25 avqust — Sputnik. Arktikada Rusiya və Çin arasında əməkdaşlıq NATO-nun dəyərlərinə və maraqlarına bir mesajdır.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq "Globe and Mail" qəzetinə yazdığı məqalədə bildirib.
Onun sözlərinə görə, Rusiya son illər Arktikada hərbi fəallığını artırıb. Stoltenberq əlavə edib ki, Çin də "regiondakı mövcudluğunu genişləndirir", özünü "subarktik dövlət" elan edir və Çini Avropa ilə birləşdirəcək "Qütb İpək Yolu"nu yaratmağı planlaşdırır.
"Bu ilin əvvəlində Pekin və Moskva dəyərlərimizə və maraqlarımıza zidd olan strateji tərəfdaşlığın dərinləşdirilməsi çərçivəsində Arktikada praktiki əməkdaşlığı gücləndirməyi öhdələrinə götürüblər", - deyə alyansın baş katibi qeyd edib.
O, həmçinin vurğulayıb ki, NATO "Uzaq Şimalda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın qorunmasında" maraqlıdır. Stoltenberq xatırladıb ki, səkkiz Arktika dövlətindən yeddisi Finlandiya və İsveçdən sonra Alyansa üzv olacaq.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Nikolay Korçunov Stokholm və Helsinkinin bloka daxil olmayan statusu ilə bağlı siyasətinin Arktikada sülh və sabitliyin qorunması üçün möhkəm zəmin yaratdığını bildirib. Onun sözlərinə görə, Finlandiya və Helsinkinin alyansa qoşulması çətin ki, bu məqsədə çatmağa kömək etsin. Korçunov bəyan edib ki, Arktika "beynəlxalq hərbi əməliyyatlar teatrına" çevrilir.