BAKI, 25 avqust — Sputnik. Sankt-Peterburqda MDB ölkələri kinostudiya rəhbərlərinin görüşü baş tutub.
C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından verilən xəbərə görə, Rusiyanın Sankt-Peterburq şəhərində "Lendok" kinostudiyasının 90 illik yubileyinə həsr olunmuş genişmiqyaslı tədbirlər keçirilib.
Avqustun 21-də "Lendok" kinostudiyasında Beynəlxalq Lendok Film Festivalının təntənəli açılış mərasimi baş tutub. Festivalda dövlət və hökumət təmsilçiləri, MDB ölkələrinin studiya rəhbərləri və prodüser mərkəzlərinin, onlayn platformaların nümayəndələri, rejissor, prodüser, kinotənqidçi və jurnalistlər iştirak ediblər.
MDB ölkələri kinostudiyalarının istehsalı olan, "Qızıl kolleksiya"ya daxil edilmiş filmlər də festival çərçivəsində tamaşaçılara təqdim olunub. "Azərbaycanfilm"in istehsalı olan "İstintaq" (1979, rejissor Rasim Ocaqov) filmi də bu tədbir çərçivəsində geniş tamaşaçı auditoriyasına nümayiş olunub.
Qeyd edək ki, festival çərçivəsində MDB ölkələrinin birgə istehsalı üçün nəzərdə tutulmuş müsabiqə-pitçinq və beynəlxalq konfrans keçirilib. Tədbirdə ölkəmizi "Azərbaycanfilm" kinostudiyasının direktoru Nazim Hüseynov təmsil edib.