BAKI, 24 avqust — Sputnik. "Qazaxıstan temir jolı" MŞ" SC (QTJ) Ələt limanının genişləndirilməsinin 2-ci mərhələsi çərçivəsində terminal qurğularının və mövcud infrastrukturun inkişaf etdirilməsində iştirak edəcək. Bunu QTJ ilə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC arasında imzalanmış logistika və birgə layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlıq memorandumu nəzərdə tutur.
Sənəd iki ölkənin tranzit potensialını artırmağa imkan verən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM/Orta dəhliz) inkişafına yönəlib.
Memorandumda, həmçinin Ələt limanının birgə inkişafı üçün Qazaxıstan tərəfinə torpaq sahəsinin və mövcud limanların ayrılması imkanları da nəzərdə tutulub.
Xatırladaq ki, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Ticarət Limanının gücü 15 milyon ton quru yük və 100 min konteyner təşkil edir. Növbəti mərhələdə bu rəqəmin ildə 25 milyon ton yük və 1 milyon konteynerə çatdırılması planlaşdırılır. 2021-ci ilin yekunlarına əsasən liman vasitəsilə 5 milyon tondan çox yük daşınıb ki, bu da 2020-ci illə müqayisədə 20% çoxdur.
Transxəzər marşrutu - mühüm logistika dəhlizidir
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəniz və dəmir yolu daşımaları sahəsində aparıcı müəssisələrinin iştirakı ilə yaradılıb. Daha sonra layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub.
Dəhliz marşrutu hazırda Çin-Qazaxıstan sərhədindən Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya kimi uzanır.
Ötən ilin yekunlarına əsasən TBNM vasitəsilə daşımalar 586,2 min ton yük və 25 270 TEU (TEU-konteyner) təşkil edib.