AZƏRBAYCAN XƏBƏRLƏRİ

İlham Əliyev: "Orta Dəhliz çox böyük perspektivə malikdir"

Bu gün biz gələcək iqtisadi-ticari əməkdaşlığın bəzi istiqamətləri barədə fikir mübadiləsi apardıq, qarşılıqlı tədarüklərin artırılması baxımından onu konkretləşdirə bilərik.
Sputnik
BAKI, 24 avqust — Sputnik. "Biz artıq ikitərəfli münasibətlərimizin geniş gündəliyinə, beynəlxalq problemlərə dair çox ətraflı söhbət etdik və bütün məsələlər barədə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyünü gördük".
Bunu avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşündə bildirib.
"Əlbəttə, Sizə təşəkkür etmək istərdim ki, dəvətimizi qəbul etmisiniz və ölkəmizə rəsmi səfər edirsiniz. Əminəm ki, bu səfər münasibətlərimizin gələcək inkişafı üçün çox böyük əhəmiyyət kəsb edəcək. İlk növbədə, artıq nümayəndə heyətlərinin iştirakı ilə məni Qazaxıstan Respublikasının "Altın kıran" ali ordeni ilə təltif etdiyinizə görə bir daha təşəkkürümü bildirmək istərdim. Bu mükafata layiq görülməyim mənim üçün böyük şərəfdir və mən bunu xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Azərbaycanın münasibətlərimizin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymət hesab edirəm" - deyə Prezident İlham Əliyev bildirib.
"İndicə Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatı keçirildi və bu, bizim xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, hazırda bizim hamımızın məşğul olduğumuz Qarabağın bərpası işinə töhfədir. İkitərəfli gündəliyə gəldikdə, o, kifayət qədər genişdir. Sizin səfəriniz ərəfəsində müvafiq strukturlar bir çox məsələlər üzərində hərtərəfli iş aparıblar, 20-dən artıq sənədin imzalanmasına doğru gedirik – onların bir qismi bizim iştirakımızla imzalanacaq və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcək" - Prezident qeyd edib.
"Xarici siyasətin gündəliyinə gəldikdə isə biz, iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edirik, daim bir-birimizi dəstəkləyirik və əminəm ki, bu, gələcəkdə də davam edəcək. Çünki bizim əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur və hər yerdə Qazaxıstan və Azərbaycan nümayəndələri sıx qarşılıqlı fəaliyyətdədirlər. Əlbəttə, nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var. Bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. İndi ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, ölkələrimizin tranzit potensialının yüksəldilməsi barədə söhbət gedir. Müvafiq orqanlar artıq müəyyən vaxtdır ki, bu istiqamətdə aktiv qarşılıqlı fəaliyyət göstərirlər. Fikrimcə, Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu var" - deyə o vurğulayıb.
Prezident İlham Əliyev deyib ki, biz iqtisadi-ticari münasibətlərin inkişafına da təkan verəcəyik: "Əmtəə dövriyyəsinin artırılması üçün hələ böyük ehtiyatlar var. Bu gün biz gələcək iqtisadi-ticari əməkdaşlığın bəzi istiqamətləri barədə fikir mübadiləsi apardıq, qarşılıqlı tədarüklərin artırılması baxımından onu konkretləşdirə bilərik. İnvestisiya sahəsində də böyük perspektivlər var. Həm Qazaxıstanda, həm də Azərbaycanda çox müsbət investisiya mühiti, xarici investisiyaların böyük həcmi var. Düşünürəm ki, bizim bu istiqamətdə də səylərimizi birləşdirməyin, Azərbaycanda, Qazaxıstanda, ola bilsin, başqa ölkələrdə də birgə investisiya layihələrində iştirak etməyimizin vaxtı yetişib. Qazaxıstanın Azərbaycana bugünkü hədiyyəsi – Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi ölkələrimiz arasında humanitar əməkdaşlığın daha bir elementidir. Bu əməkdaşlıq da uğurla inkişaf edir. İki gün bundan əvvəl Sumqayıtın mərkəzi küçələrinin birinə qazax xalqının görkəmli oğlu, maarifçi, türkoloq Əhməd Baytursunovun adı verilib. Bu da bizim əcdadlarımıza hörmətin əlamətlərindən biridir. Bir daha Sizi səmimi qəlbdən salamlayıram. Bir daha təşəkkürümü bildirirəm ki, Siz bizə gəlməyə vaxt tapmısınız. Əminəm ki, əlaqələrimiz gələcəkdə də uğurla davam edəcək, iki qardaş ölkə arasında münasibətlər uğurla inkişaf edəcək. Bir daha xoş gəlmisiniz".
AZƏRBAYCAN XƏBƏRLƏRİ
İlham Əliyev və Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər