DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

FTB Trampın evində çoxlu məxfi sənəd ələ keçirib

Prezidentlik müddəti başa çatdıqdan sonra keçmiş ABŞ lideri öz evində 300-dən çox dövlət əhəmiyyətli məxfi materiallar saxlayıb.
Sputnik
BAKI, 24 avqust — Sputnik. Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları ABŞ-ın keçmiş Prezidenti Donald Trampın Florida ştatının Mar-a-Laqo şəhərindəki iqamətgahında 150-dən çox məxfi sənəd ələ keçiriblər. Bu barədə "New York Times" xəbər verir.
Eyni zamanda, 2022-ci ilin yanvarında Tramp daha 150 sənədi ABŞ Milli Arxivinə təhvil verib. Beləliklə, prezidentlik müddəti başa çatdıqdan sonra keçmiş ABŞ lideri öz evində 300-dən çox dövlət əhəmiyyətli məxfi materiallar saxlayıb.
"New York Times"da qeyd edilib ki, Trampın malikanəsindəki hazırkı axtarışlar Ədliyyə Nazirliyinin siyasətçinin əlində olan bütün məxfi sənədləri ələ keçirmək istəyi ilə bağlı ola bilər. Qeyd olunur ki, yanvarda təhvil verilən materiallara Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), Milli Təhlükəsizlik Agentliyi və FTB-nin məlumatları daxil edilib.
Avqustun 9-da Donald Tramp Mar-a-Laqodakı malikanəsində axtarışlar barədə danışıb. O bildirib ki, bu axtarışlarda yüzə yaxın FTB agenti iştirak edib. Siyasətçi güman edir ki, FTB-nin bu hərəkətləri onun 2024-cü il prezident seçkilərində potensial iştirak etmək niyyəti ilə bağlıdır. O, bu axtarışları əsassız adlandırıb.