CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əlcəzair və İsraildən heyvan məhsullarının gətirilməsi məhdudlaşdırılıb

Əlcəzairin Msila əyalətində və İsrailin Cənub dairəsində xırdabuynuzlu heyvanların taun, Əlcəzairin Suk-Əhras və El-Bayad əyalətlərində isə dabaq xəstəliyi qeydə alınıb
Sputnik
BAKI, 24 avqust — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Əlcəzair Xalq Demokratik Respublikasının Msila əyalətində və İsrail Dövlətinin Cənub dairəsində xırdabuynuzlu heyvanların taun, Əlcəzair Xalq Demokratik Respublikasının Suk-Əhras və El-Bayad əyalətlərində isə dabaq xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Əlcəzair Xalq Demokratik Respublikasının Msila əyalətindən və İsrail Dövlətinin Cənub dairəsindən diri xırdabuynuzlu heyvanların, onlara aid ət-sümük unu, süd və süd məhsulları, trofeylər, dəri, yun, tük, genetik materialların, həmçinin Əlcəzair Xalq Demokratik Respublikasının Suk-Əhras və El-Bayad əyalətlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Əlcəzair Xalq Demokratik Respublikasından və İsrail Dövlətindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.