PAYTAXT XƏBƏRLƏRİ

Buzovna çimərliyində qanunsuz tikililərin sökülməsi davam edir

Qanunvericiliyə görə dənizin 20-50 metr sahili tutula bilməz və İnzibati Xətalar Məcəlləsi də dəniz kənarının hasarlanmasını qadağan edir
Sputnik
BAKI, 24 avqust — Sputnik. Xəzər rayonu, Buzovna qəsəbəsində qanunsuz tikililərin söküntü prosesləri davam etdirilir.
Bakı şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Buzovna çimərliyinin ərazisində Bakı şəhəri və Xəzər Rayon İcra Hakimiyyətinin nəzarəti altında ərazidəki qanunsuz tikililərin sökülməsi prosesi gedir.
Belə ki, texnikanın dağıtdığı tikintilərin qalıqlarını şəhər və rayonun Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən təmizlənir.
Birlikdən bildirilib ki, ərazidə həm texnika, həm də canlı qüvvə çalışır. Söküntü prosesi davam etdirilir.
Qeyd edək ki, hələ 2003-cü il yanvarın 13-də mərhum Prezident Heydər Əliyev tərəfindən məsələ ilə bağlı sərəncam imzalanıb. Sənəddə deyilirdi ki, əhalinin çoxsaylı şikayətlərini, Xəzər dənizinin xalqa məxsus olduğunu əsas götürərək, dənizin 130 metrlik sahil sahəsində tikilmiş, fiziki və ya hüquqi şəxslərə qanunsuz olaraq verilmiş sahələr ya inzibati, ya məhkəmə qaydasında alınsın və insanların dəniz çimərliklərinə sərbəst giriş-çıxışı təmin edilsin.
Bundan sonra qəbul edilmiş qanunvericiliyə görə isə, dənizin 20-50 metr sahili tutula bilməz və İnzibati Xətalar Məcəlləsi də dəniz kənarının hasarlanmasını qadağan edir.
Məlumat üçün onu da qeyd edək ki, sahilboyu ərazilərin zəbt olunmasının, hasarlanmasının qarşısını almaq rayon icra hakimiyyətlərinin üzərinə düşür.
PAYTAXT XƏBƏRLƏRİ
Buzovnada dəniz sahilindəki qanunsuz hasar və tikililər sökülür