BAKI, 22 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin özbəkistanlı həmkarı Şovkat Mirziyoyev arasında telefon danışığı baş tutub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Telefon danışığı zamanı Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrda Səmərqənddə keçiriləcək sammitinə hazırlıqla bağlı müzakirələr aparılıb", - məlumatda deyilir.
Bundan əlavə, dövlət başçıları iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
Putinlə Mirziyoyev arasında əvvəlki söhbət ötən həftə baş tutub və tərəflər ŞƏT-i müzakirə ediblər. Prezidentlər bu strukturun yüksək beynəlxalq nüfuzunu, eləcə də təşkilatın regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə artan töhfəsini qeyd ediblər.
İyulun sonunda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyən ölkələrin təşkilatın sammiti ərəfəsində növbədə dayandığını bildirib.
ŞƏT-in Səmərqənd sammiti sentyabrın 15-16-da keçiriləcək.
2001-ci ildə yaradılmış ŞƏT-ə Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan üzvdür. Müşahidəçi ölkələr - Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr - Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.