RUSİYA

Putin: Rusiya öz maraqlarına cavab verən siyasət aparacaq

Rusiya prezidenti Dövlət Bayrağı Günü münasibətilə müraciət edib
Sputnik
BAKI, 22 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının Dövlət bayrağı günü münasibətilə müraciətində bildirib ki, Rusiya dünya miqyasında yalnız öz fundamental maraqlarına cavab verən siyasət yürüdəcək. Bunu Kremlin saytı xəbər verir.
"Rusiya qüdrətli, müstəqil dünya dövlətidir. Biz beynəlxalq arenada yalnız Vətənin fundamental maraqlarına cavab verən siyasət yürütməkdə qətiyyətliyik", - deyə Putin bildirib.
O qeyd edib ki, Rusiyanın ilk hərbi gəmisində üç əsrdən çox əvvəl qaldırılmış Rusiya bayrağı onun tarixinin mürəkkəb dövrlərində — Böyük Pyotrun dövründə Rusiya imperiyasının təşəkkülü mərhələsində, Birinci Dünya müharibəsinin döyüş meydanlarında və "1990-cı illərin köklü dəyişikliklərinin ziddiyyətli, çətin dövründə" ölkənin simvolu olaraq qalıb.
"Dövlət bayrağı bizim heç vaxt dönməyəcəyimiz ənənəvi dəyərlərimizə - Vətənimizi qorumağı və müdafiə etməyi, xarici diktata və hegemonluğa heç vaxt yol verməməyi vəsiyyət etmiş əcdadlarımızın bizə miras qoyduqları həqiqətə və ədalətə, həmrəylik və mərhəmətə, Rusiyanın çoxəsrlik, fasiləsiz tarixinə, nailiyyət və qələbələrinə ehtiramı ifadə edir", - deyə prezident vurğulayıb.
O, belə nəticəyə gəlib ki, öz iradəsinə uyğun yaşamaq, müstəqil olaraq öz yolunu seçmək və bu yolla getmək istəyi Rusiya xalqının genetik kodunun bir hissəsinə çevrilib.