BAKI, 21 avqust - Sputnik. Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ağır yol qəzası ilə bağlı Türkiyə başsağlığı verib.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə xəbər verir.
"Qardaş Türkiyənin Qaziantep şəhərində ağır yol-nəqliyyat qəzasında həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik", - başsağlığıda deyilir.
Milli Məclisin sədri Sahibə Qafarova Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində həlak olanlarla bağlı Türkiyə xalqına başsağlığı verib.
Parlamentin spikeri bu barədə Twitter hesabında yazıb:
“Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində həlak olanların ailələrinə, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirəm”.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.
Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Baş nazir Ə.Əsədov Türkiyənin Qaziantep və Mardin vilayətlərində ağır yol-nəqliyyat hadisələri nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib, bu ağır faciə ilə əlaqədar Türkiyənin Vitse-prezidenti F.Oktaya, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.
Bundan əvvəl Prezident İlham Əliyev də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı vermişdi.