DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qərb liderləri İranın nüvə proqramını müzakirə ediblər

Liderlər Yaxın Şərq regionunda tərəfdaşlara dəstəyin gücləndirilməsinin zəruriliyini və İranın sabitliyi pozan regional fəaliyyətlərini məhdudlaşdırmaq üçün birgə səyləri müzakirəyə çıxarıblar.
Sputnik
BAKI, 21 avqust - Sputnik. ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Boris Conson və Almaniya kansleri Olaf Şolz İranın nüvə proqramı ilə bağlı davam edən danışıqları müzakirə ediblər.
Bu barədə Ağ Evin yaydığı bəyanatda bildirilib.
Qeyd edilib ki, liderlər Yaxın Şərq regionunda tərəfdaşlara dəstəyin gücləndirilməsinin zəruriliyini və İranın sabitliyi pozan regional fəaliyyətlərini məhdudlaşdırmaq üçün birgə səyləri müzakirə ediblər.
Avqustun 16-da yayılan məlumatlara görə, Amerika tərəfi sanksiyaların ləğvini yoxlamaq və zəmanət vermək kimi iki əsas məsələni qəbul edib.
Bunu İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü Əbülfəzl Amoli İslam Respublikasının nüvə danışıqlarında baş müzakirəçisi Əli Baqiri ilə bu komissiyanın görüşündə bildirib.
O deyib ki, Ə.Baqirinin təqdim etdiyi hesabata görə, danışıqlar zamanı iqtisadi səmərə və ölkəmizin xarici ticarətinə maneələrin aradan qaldırılması, o cümlədən neft satışına və onun resurslarına, bankların çıxışına qanunsuz qadağaların aradan qaldırılması ciddi şəkildə diqqətdə saxlanılacaq.
O əlavə edib ki, həmçinin, danışıqlar zamanı dinc nüvə proqramının davam etdirilməsi İslam Respublikasının prinsiplərindən biri kimi qorunub saxlanılıb.
İranın Milli Təhlükəsizlik Komissiyasının sözçüsünün sözlərinə görə, Ə.Baqiri nüvə müzakirələrində qarşı tərəfin İslam Respublikasının məntiqinə əsaslanaraq, sanksiyaların ləğvinin yoxlanılması və zəmanətlərin verilməsi kimi iki məsələnin prinsipini qəbul etdiyini vurğulayıb və ölkəmizin nüvə imkanlarının əsası qorunub saxlanılacağını qeyd edib.