BAKI, 19 avqust — Sputnik. Türkiyə Zaporojye AES-dəki vəziyyətdən narahatdır və Çernobıl faciəsinin təkrarlanmasını istəmir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lvovda ukraynalı həmkarı Volodimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə görüşündən sonra deyib.
"Biz yaranmış vəziyyətlə bağlı narahatlığımızı ifadə etdik, Çernobıl faciəsinin təkrarlanmasını istəmirik", - Ərdoğan mətbuat konfransında deyib.
Qeyd edək ki, Ukrayna hərbçiləri Enerqodar, ətraf kəndləri və Zaporojye AES-in şəhərə bitişik ərazisini mütəmadi olaraq atəşə tutmaqda davam edir. Avqustun 17-də onlar atom elektrik stansiyasının ərazisinə ən azı altı mərmi atıblar, stansiya zədələnməyib. Enerqodar da kütləvi atəşə məruz qalıb.
Mart ayından Zaporojye AES Rusiya ordusunun nəzarətindədir. Rusiya Xarici İşlər Nazirliyi nüvə və radioaktiv materialların sızmasının qarşısını almaq nöqteyi-nəzərindən Rusiya hərbçilərinin elektrik stansiyasını mühafizə etdiyini vurğulayıb.
Putinlə nəticələrin müzakirəsi
Türkiyə prezidenti həmçinin Rusiya lideri Vladimir Putinlə Lvov danışıqlarının nəticələrini müzakirə etməyi planlaşdırdığını bildirib.
"Hadisələri izləyən hər kəs hərbi əsirlərin mübadiləsi ilə bağlı nə baş verdiyi ilə maraqlanır. Təbii ki, görüşdə biz hərbi əsirlərin mübadiləsi mövzusunu və bununla bağlı bizim təşəbbüslərimizi müzakirə etdik. Bu kontekstdə biz cənab Putinlə, Rusiya tərəfi ilə mövcud görüşün bütün nəticələrini dəyərləndirməyə davam edəcəyik", - deyə Türkiyə lideri bildirib.
O qeyd edib ki, Lvovda keçirilən üçtərəfli danışıqlar Ukrayna ətrafında vəziyyətin nizamlanmasına yönəlib.
Taxıl müqaviləsi
Ərdoğan taxıl tədarükü ilə bağlı razılaşmanı da xatırladaraq, avqustun 1-dən 25 gəmi vasitəsilə Ukraynadan təxminən 625 min ton taxılın dünya bazarlarına çıxdığına diqqət çəkib.
"Qara dəniz vasitəsilə taxılın beynəlxalq bazarlara təhlükəsiz ixracına dair İstanbul razılaşmaları təkcə Ukraynaya deyil, bütün dünyaya müsbət təsir göstərir", - deyə Ərdoğan qeyd edib.
O, ümid etdiyini bildirib ki, "məhsul sazişi"nin uğuru Ukraynada nizamlanmanı nəzərə alaraq, sabit sülh üçün yeni imkanlar yaradacaq.