CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda meşə yanğınları niyə geniş vüsət alıb?

Baş vermiş yanğın hadisələrinin səbəbləri FHN tərəfindən araşdırılsa da, yanğınların ilkin səbəbi məlumdur.
Sputnik
BAKI, 18 avqust — Sputnik. Meşə yanğınları Azərbaycanı yenidən cənginə alıb. Quba və Şabran rayonlarının dağlıq ərazilərindəki meşə sahələrində yanğınlar baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yanğının səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılsa da, yanğın hadisənin baş vermə səbəbləri havanın isti və quraq keçməsi, əbiət qoynunda istirahət edən turistlərin ehtiyatsız davranmasıdır:
"Biz əhaliyə xəbərdarlıq etmişdik ki, qızmar yay günlərində meşələrdə yanğın təhlükəsi artır. Ona görə meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər. Bəzən söndürülməmiş siqaret kötüklərini ətrafa atır, yanğına rəvac verirlər. Meşədə dincələn insankar odla ehtiyatlı davranmalıdırlar".
İ.İbrahimova deyir ki, meşə yanğınları meşə ətrafındakı kəndlərin sakinləri, onların təsərrüfatları üçün də təhlükə yaradır: "Ona görə də, taxıl sahələri biçildikdən sonra yandırılması ilə mübarizədə kənd sakinləri fəal olmaldırlar. Biçilən sahələrin yandırılması yanğınların baş verməsinə səbəb olur".
Fövqəladə Hallar Nazirliyindən (FHN) isə Sputnik Azərbaycan-a bildirildi ki, ölkə ərazisində son sutka ərzində ümumilikdə 109 yanğına çıxış hadisəsi qeydə alınıb. Bunun 47-si Şimal-qərb və Şimal regionunun payına düşüb. Təxminən 500 hektara yaxın ərazini əhatə edən bu yanğınlar arasında biçilmiş taxıl, quru ot, kol-kos sahələri və meşə massivləri üstünlük təşkil edir.
Şabran rayonunun Xəlfələr kəndi ərazisində biçilmiş taxıl sahəsində başlayan yanğının havanın isti və küləkli olması səbəbindən qısa zamanda genişlənərək bir neçə fərdi ev və yardımçı tikiliyə zərər vurub. Havanın isə isti və küləkli olması səbəbindən yanğınsöndürmə işlərini çətinləşdirsə də, yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Hazırda yanğınlar nəzarət altına alınıb və soyutma işləri davam etdirilir.
FHN-dən bildirilib ki, Şabran rayonunun Zöhrəmli kəndi ərazisində biçilmiş taxıl sahələrində baş verən yanğınlar nəticəsində bir neçə ev yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) 10-dan artıq yanğınsöndürən avtomobili, canlı qüvvəsi və Aviasiya dəstəsinin "BE 200 ÇS" amfibiya təyyarəsi də cəlb olunub.
Yanğın üzrə ekspert Elmar Nuriyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, meşə ətrafında istirahət zamanı, pikniklərdə tonqalın söndüyünə tam əmin olmadan ərazini tərk etmək meşə yanğınları ilə nəticələnir. Onun sözlərinə görə, bunun qarşısı vaxtında qarşısı alınmadıqda təhlükənin miqyasının genişlənməsinə gətirib çıxarır:
"Beləliklə, həm ekologiyaya, həm insanlara, həm də onların əmlakına ziyan dəyir. Meşə yanğınlarının qarşısını almaq üçün aidiyyəti üzrə qurumlar ormanlıq sahələrdə yaşayan sakinlərə də, orada yerləşən istirahət mərkəzlərinə, otellərə, onların işçilərinə də təlimatlar verilməlidir. Yaxşı olardı ki, meşə ərazilərinə giriş hissələrində xəbərdarlıq lövhələri daha çox təşkil edilsin. İnsanları maksimum məlumatlandırmaq lazımdır".
CƏMİYYƏT
"Qalaaltı"nın yaxınlığındakı yanğınla bağlı təhlükə yoxdur