BAKI, 18 avqust — Sputnik. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev avqustun 19-da Soçiyə səfəri zamanı Rusiya lideri Vladimir Putinlə strateji tərəfdaşlıq və ticarət-iqtisadi əməkdaşlığın inkişafı məsələlərini müzakirə etməyi planlaşdırır.
Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Avqustun 19-da prezident Qasım-Jomart Tokayev Soçi şəhərinə işgüzar səfər edəcək. Səfər çərçivəsində Qazaxıstan və Rusiya liderləri arasında danışıqlar aparılacaq, danışıqlar zamanı Qazaxıstan-Rusiya strateji tərəfdaşlığının aktual məsələləri müzakirə olunacaq, o cümlədən ticari-iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunacaq”, - məlumatda deyilir.
Daha əvvəl Kremlin mətbuat xidməti məlumat vermişdi ki, inteqrasiya birlikləri, o cümlədən Qazaxıstanın bu il sədrlik etdiyi MDB çərçivəsində ikitərəfli əməkdaşlıq məsələsinə toxunulacaq. Prezidentlər sonuncu dəfə bu ilinin iyununda, Tokayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında iştirak edəndə görüşüb.
Eyni zamanda, iyul ayında Rusiya və Qazaxıstan liderləri arasında telefon danışığı olub, onlar ticarət-iqtisadi və enerji sektorlarında layihələrin ardıcıl həyata keçirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycana səfər edəcək.
Bildirilib ki, səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.
Eyni zamanda iki ölkə arasında bir neçə sənədin imzalanması da gözlənilir.